POMİDOR

Əkildiyi ərazi və istehsalının həcmi baxımından ön sıralarda olan badımcançiçəklilər fəsiləsinə aid pomidorun ana vətəninin Meksika olduğu və onun əkin mədəniyyətinin oradan Avropaya yayıldığı haqqında məlumatlar vardır. Pomidor, iqlim dəyişikliklərinə daha dayanıqlı olduğuna görə ən asan yetişdiriləcək tərəvəzlərdən biridir.

Pomidorun xüsusiyyətləri:

Toxumun cücərməsi nəticəsində yaranan kökcük cavan bitkinin 2-3 yarpaqlı dövrünədək uzununa davam edir. Bu dövrdə kökboğazına yaxın bölgədən yan köklərin formalaşması başlayır. Əsas kök və yan köklər olduqca gec müddətdə budaqlanır və saçaq kök əmələ gətirir.

Açıq ərazidə becərilmə zamanı köklər 100-150 sm dərinliyə və yanlara, istixana şəraitində isə 40-100 sm dərinliyə və 40-60 sm yanlara uzanır. Köklərin 72%-lik hissəsi torpağın 0-20 sm-lik üst qatında olur. 22%-i 20-50 sm və 6%-i isə 50 sm-dən daha dərində olur. Ota bənzər formada olan gövdə əvvəllərdə yuvarlaq, yumşaq və tüklü olur. Bir müddət sonra sərtləşərək bucaqlı bir formaya çevrilir. Pomidorda çiçəklər salxım şəklində formalaşır. Çiçək salxımlarında sadə (tək) və ya cüt budaqlanmalar ola bilir. Bəzi növlərdə qarışıq salxımlara rast gəlinir.

İqlim və torpaq tələbləri: 

Pomidor mülayim və isti iqlim tərəvəzidir. İstilik -2, -3 dərəcələrə düşdükdə bitki tamamilə tələf olur. Kifayət qədər artıq rütubət və istilik bitkidə xəstəliklərin meydana gəlməsinə, isti və quru küləklər də çiçəklərin tökülməyinə səbəb olur. Pomidorlarda normal inkişafın getməsi üçün istiliyin 16-19 dərəcələrdə olması vacibdir. İstiliyin 13 dərəcənin altına düşməsi halında yetkinləşmənin gecikdiyi və məhsulun azaldığı müəyyənləşdirilmişdir. Pomidor çiçək tozları 10 və ya daha yuxarı dərəcələrdə, ən yaxşı halda 27 dərəcə ətrafında istənilən formada mayalanma bacarığını və inkişafını davam etdirir.

Pomidor qumlu torpaqdan gilli torpağa kimi, hər torpaqda yetişə bilir. Dərin, keçirici su tutma qabiliyyəti yaxşı, humus və qida maddələri ilə zəngin torpaqlar ideal torpaqlardır. Qumlu torpaqlardan tez məhsul alınır. Quraqlığa dözümlüdür. Ən uyğun torpaq reaksiyası pH 6,5 ətrafında olur. Aşağı torpaq turşuluğuna dayanıqlıdır.

Becərilmə forması.

Əkin növbəsi:

Qışlıq tərəvəzlərdən sonra pomidor əkilə bilər. Kələm və paxlalılar pomidor üçün çox yaxşı ön bitkilərdir. Pomidordan sonra paxlalılar, kök, xiyar, çuğundur və taxıl əkini edilir. Pomidor ardıcıl olaraq əkilməməlidir.

 

Torpaq hazırlığı: 

Torpaq dərindən şumlanmalıdır. Torpaq payızda kotanla dərinləməsinə şumlanır. İkinci şumlama yazda yenə kotanla edilir. Sonra dırmıq və şum çəkilərək kəsəklər qırılır.

Əkin:

Oturaq pomidor üçün  sıra məsafəsi 140-250 sm, sıra üstü 40-50 sm olacaq şəkildə əkin yerləri hazırlanır. Salxım pomidor üçün sıra məsafəsi 80 sm, sıra üstü 50-60 sm olmalıdır. Bundan başqa, 75×50, 100×40, 100×35 sıra məsafələrində də əkin aparıla bilər. Şitillər 5-6 yarpaqlı zamanında son don tarixi keçdikdən sonra əkilib, can suyu verilir. Tomatlıq pomidorlar üçün əkin məsafələri 135×40 sm-dir. Açıq ərazidə Salxım pomidor şitil əkini cüt sıra şəklində də edilə bilər. Bu halda aralıq və məsafələr 110x50x50 sm və yaxud 100x60x50 sm ölçülərində təşkil olunur. Pomidorlarda suvarma kanal və damcı formalarında edilir. Çiləmə suvarma pomidorda edilmir. Şitil əvvəlcədən hazırlanır. Sıralarına tək və ya cüt sıra şəklində əkilir.

 

Suvarma:

Pomidor becərilməsində bitkidə ilk meyvələr görülənədək mümkün olduğu qədər sulamadan uzaq durulmalıdır. Bu mərhələyə qədər əkin zamanı verilən can suyu ilə kifayətlənilir. Ehtiyac yaranarsa, sulama edilir. İlk meyvələr görüldükdən sonra sulama əhəmiyyət qazanır. Mövcud şəraitə görə torpağın forması və seçilən çeşid xüsusiyyətlərinə görə uyğun periodlarla sulama aparılır. Nəhayət, məhsul yığımı başladıqdan sonra hər yığım sonrası sulama aparılmalıdır.

Qulluq:

Şitillər əsas yerlərinə əkilib inkişaf etməyə başladıqdan təxminən iki həftə sonra birinci belləmə edilir. İki həftə sonra ikinci belləmə edilir. Boğaz doldurulur. Xəstəlik və zərərvericilər ilə mübarizə bir proqram daxilində davam etdirilir.